Oralarda kimlər var: Toğrul Nərimanbəyov

 

 

 

Səhifənin qonağı Vidadi Paşayev Toğrul Nərimanbəyov haqqında. Arxivdən : “Qobustan” toplusu 1970-ci il , ¹1,səh 32-35.

Toğrul Fərman oğlu Nərimanbəyov 1930-cu ildə Bakıda anadan olub. Uşaqlıq illəri Orta Asiyada keçib.

1950-ci ildə Ə.Əzimzadə adına rəssəmlıq məktəbini qurtarıb, sonra Litva Rəssamlıq Akademiyasında təhsil alıb. 1954-cü ildən bəri respublika və ümumittifaq sərgilərinin iştirakçısıdır. Toğrul ilk əsərlərində öz yaradıcılıq “mən”ini axtarmış, yad təsirlərdən çox tez yaxa qurtara bilmişdi. Azəri rəssamlığına təzə nəfər, təzə hava gətirən bu vergili fırça ustası, Sovet təsviri sənətində “Yeni dalğa”nın ən parlaq nümayəndələrindən biri kimi tanınır.

Nərimanbəyov rəssamlıq sənətimizi xaricdə də ləyaqətlə təmsil edir. Fransa, İtaliya, BƏR, Suriya, Çexoslovakiya, Macarıstan, ADR, Rumıniya, Polşa sənətsevərləri Toğrulun əsərlərinə bəlləddirlər və onun yaradıcılığını yüksək qiymətləndirirlər.

O, boya rəsmi ustasıdır. Ancaq cizgi rəsmi, kitab qrafikası, divar rəsmi, dekor sənəti sahəsində də dəyərli əsərlər yaradıb.

Yaxın illərə qədər Toğrulu gənc rəssam kimi tanıyırdıq. İndi o, Əməkdar incəsənət xadimi, Xalq rəssamıdır. İndi Toğrulun 39 yaşı var.

 

YAŞ QIRXI HAQLAYANDA

– Toğrul, niyə rəssam oldun?

– Yüz yol, min yol gördüklərin – adamlar, evlər, ağaclar, birdən elə dəyişir, elə təzələnir ki... Bu dəyişkənliyi, bu işığı, bu gözəlliyi göstərmək üçün özgə bir yol varmı?

– Bəs poeziya?

– Sən canın, qoy oturmuşuq. Mən hara, şairlik hara? Hərdən fırça sözə baxmayanda cızma-qara eləyirəm. Yaxşı, siz əhli-qələmlər neyləyirsiz, qələm sözə baxmayanda?

– Bəs, musiqi?

– Hə... musiqi rənglərin səsidir. Elə ki, ilişdin, bir ağız oxu. Öz səsində üz, öz səsində çim, yüngülləş! Sən heç öz səsində yuyunmusanmı?

Deyirlər, gur səsi var Toğrulun. Düzü eşitməmişəm, oxuduğunu görməmişəm. Ancaq çox görmüşəm oxuduqlarını. Biri heç yadımdan çıxmır. Adı “Muğam”dı.

“Muğam”

Hər şey adamın ovqatından asılıdır. Rənglərin istisi, soyuğu da.

Ən isti rəngin qan-qırmızı alovunda üşüyə bilərsən, ən soyuq rəngin sazağı könlünü isidər, ən sakit rəng elə çığırar ki, qulaqların cingildəyər.

Ovqatının yaxşı vaxtında bu lövhəyə baxasan, yaxşı-yaxşı baxasan. Çizgi görünməz, boya bilinməz, çalar duyulmaz. Nəsə eşidərsən; bir az tar səsinə oxşayar, bir az insan səsinə. Bir ağız layla, bir əsim külək, bir dalğa güləş... Yox, heç biri! Yox, hamısının qarışığı.

Sonra ürəyində anımlar, duyumlar tərpənər. Unutduğun tanışlar... Çit donun ətəyi, qaranlıqdan gələn pıçıltı...

Rəngdirmi, səsdirmi? Bəlkə ətirdi? Heç biri... Hamısı. Bəlkə daddır? Tamarzı olduğun, ancaq unutduğun tanış dad... Süd, dodaq...

Ana südünün dadı, ilk öpüşün dadı kimin yadındadır?

Könül yaddaşı gərəkdir.

Könlünün yaddaşı olsa, kətanın hansı muğam üstə kökləndiyini, fırçanın hansı muğam üstündə oxuduğunu da xatırlaya bilərsən.

Hər şey rəssamın ovqatından asılıdır.

Yoxsa kəl buynuzu insanla eyni rəngdə, eyni materialdan yonulmuş kimi görünərdimi?

“PİROSMANİ”

O boyda Tiflisdə tək idi, kimsəsizdi. Milliyyətini, nə məzhəbə qulluq elədiyini, hardan gəlib-getdiyini bilən olmazdı. Bu dahiliyindən xəbərsiz dahini hamıdan yaxşı meyxana sahibləri tanıyırdılar. Bir şiş kabab, bir buynuz çaxır bəsi idi. Meyxanananın divarları gül açacaqdı...

İşini qurtaranda əllərini üstünə silər, çaxır ləkələrindən rəngi sumağıya çalan mizin arxasına keçərdi. Boşalmış kəl buynuzu kimi yanpörtü düşüb qalardı.

Təklik... Min-min adam içində də tək qala bilərsən. Toğrulun da belə günləri, belə saatları olur. Belə vaxtlarda “fırça sözə baxmır”, belə vaxtlarda oxumaq olmur, belə vaxtlarda “cızma-qara eləyirsən”. Rəssamın köhnə, sapsarı kağız üstə qalmış tənhalığı. Bəlkə, Toğrul bu misraları “Pirosmani” lövhəsini çəkəndə yazıb:

Divar dörd

Döşəmə tək

Mən – tək

Tavan tək

...Pirosmani təkliyin tamını yoxlayırmış kimi çaxır dolu buynuzu dodaqlarına yaxlaşdırar, bir qurtum alıb, gözlərini yumardı.

“Bu üzüm şirəsi torpağın ətrini canına hopdurub. Bu kəl buynuzu da torpaq rəngdədir. Bir vaxt cüt idi, indi təkdir. Bu buynuzun yiyəsi torpağa qarışana qədər nələr çəkdi, Allah bilir. Kəl getdi, buynuz qaldı. Bir insanın dərdini min kəl çəkə bilməz... Çəkmə, çəkə bilməzsən...Mən də torpağa qarışasıyam, kəl buynuzu da. Kimin ömrü uzun olacaq?Onu da yaradan var, məni də. Ancaq o cansızdı, o yarada bilməz. Yaratdıqlarım məndən çoxmu yaşayacaq?”

– Toğrul, taleyindən razısanmı?

– Narazılıq eləməyə heç bir əsasım yoxdur. Rəssam olmaq istəyirdim, oldum. Bir qız bəyəndim, evləndim (Onu tanıyırsız – heykəltəraş Elmira Hüseynova). Atayam. Əsmərimin 8 yaşı var. Bircə gileyim ondadır ki, vaxt yaman tez ötüb keçir. Bir vaxt qızım yaşımdaydım... Elə bil dünən idi. Gözünü yumub açırsan, qırxı nə vaxt haqladın, xəbərin olmur.

– Yaş qırxı haqlayanda adam çoxmu dəyişir? Sənətə, həyata 10 il bundan qabaqkı baxışınla indiki arasında fərq hiss eləyirsənmi?

– Yaş qırxı haqlayanda... Hər şey başqalaşır, birinci növbədə mizan-tərəzi. Fikirləşirsən: dəyərli nədir, dəyərsiz nə? Bu dünyaya niyə gəldin, səndən nə qaldı?Yaş qırxı haqlayanda nədənsə təbiətə daha yaxın olmaq istəyirsən. Şəhərdə, uca evlər əhatəsində, asfalt üstündə, beton üstündə gəzib dolanırsan, görürsən, ürəyində həsrət gizildəyir; dəniz həsrəti, torpaq həsrəti. Bilirsən ki, bu torpağın oğlusan, borclusan bu torpağa, bu torpaqdır axır yerin.

– Rəssamlıq sənətində torpağa bağlılığı, başqa sözlə desək, milliliyi nədə görürsən?

– Düşüncə yönündə, emosiyalarda. Hər xalqın öz təfəkkür tərzi var. Rəssamlıq da düşüncədir, fikirdir, emosiyadır. Stillər, cərəyanlar, modalar dəyişir. Emosiyalar qocalmır. Xalqımız obrazlı düşünür, demək bu xalqın rəssamı da gərək şair olsun. Əlbəttə, şeir yazmaq vacib deyil. Gərək cizgilərin, boyaların şairi olasan.

“BUZOVNA”

Həyatın dəyişkənliyini, zamanın əbədi axınını necə fırçaya alasan, necə göstərəsən? Dəniz, balıqlar, günəbaxanlar...

Dəniz sahilə can atır, çarhovuzdakı balıqlar dənizə, günəbaxanlar işığa, günəşə... Qəribə karuseldir.

Bu da son yaxılar. Lövhə hazırdı. Ancaq çizgilər, boyalar rəssamın ürəyindən keçənlərin hamısını aça bilmədi.

Rəssam, adətən bədii əsərlərə illüstrasiya çəkir, başqa sözlə, şeirdən şəkil yaranır.Hərdən tərsinə də olur:

 Dənizə qovuşmaq həsrətilə

balıqlar çarhovuzda dolanır.

Günəşə qovuşmaq həsrətilə

günəbaxanlar bütün günü

yanır, boylanır.

Torpağa qovuşmaq həsrətilə

dəniz dalğa-dalğa

çırpılır sahilə.

– Təbiətdəki bu çırpınışı, dəyişkənliyi, bu əbədi axını boya rəsmində fəlsəfi süjet qurmadan açmaq olarmı?

– Olmağına olar. Ancaq oğul istəyirəm öhdəsindən gəlsin. Rənglərin gözəgörünməz savaşını, işıqla kölgənin mübarizəsini duymaq, qavramaq asandır, ifadə eləmək çətin. Ən kövrək çiçək də vuruşur. Küləklə, quraqlıqla, ətrafdakı boyalarla. Bunu hamı görə bilər, hünər odur ki, göstərəsən... Zərif bir çiçəyin gücünü, adi nar kolunun qüdrətini.

– Nar demiş, yaxşı yadıma saldın. Toğrul, heç səndən soruşan olmurmu ki, bu narda nə tapmısan, əl çəkə bilmirsən? “Göyçay bağlarında” – nar. Natürmort çəkirsən – nar, sevinci, səadəti fırçaya alırsan – nar, “Muğam” – yenə nar!

– Soruşurlar, hələ bir az o yana da keçirlər: – Balam, bu boyda da nar olar? Qovun, qarpızdı bəyəm? Neçə dəfə qəsdlənmişəm, narı balaca çəkim, olmur ki, olmur. Elə bil, fırçadan şirə çəkir. Torpaq üstündə günəşi necə içirsə, kətan üstündə alqırmızı boyaları da, eləcə canına hopdurur, şişdikcə şişir. Bax, bu möcüzəyə görə nardan əl çəkə bilmirəm. Düzünə qalsa, heç əl çəkmək istəmirəm də. Həyatdan möcüzə o qədər azdır ki...

– Minillik tapdaqdan bərkimiş sənət yolunda ensiz də olsa, yeni bir cığır açmaq, nəsə təzə, təkrarsız bir şey yaratmaq özü möcüzə deyilmi?

– İbtidai sənətdən son nəslin yaratdıqlarına qədərki yolu 10-15 ilə keçmək olur, möcüzə budur! Ənənəni qırmaq üçün gərək keçmişi yaxşı biləsən, nəyi qırdığını, niyə qırdığını əməlli-başlı dərk eləyəsən. “Babam mənə kor deyib...” prinsipi ilə novatorluq iştahına düşmək olmaz. Keçmişi öyrən, bu günə çat, sonra buyur, gələcəyə addımla. Əsl yeniçilik yolu budur!

“QONAQLIQ”

– Ay ev yiyəsi, ay ev yiyəsi!

– Kimsən ay qardaş?

– Allah qonağı.

– Allaha da qurban olum, qonağa da.

“Vaxtsız qonaq kisəsindən yeyər” – deyiblər. Bizlərdə hələ heç kimin qonağı kisəsindən yeməyib. Vaxtlı-vaxtsız. Biz atalar sözlərinin çoxunu hərfi mənasında qəbul eləyirik. Nahaq yerə, lap hanaq yerə. Qonağın kisəsinə eyham, duzlu bir zarafatdır, deyib-gülmək üçün bəhanə idi.Süfrə salınardı. “Allah verəndən” düzülərdi. İpək yorğan-döşək döşənərdi evin dörd başına.Səhər ev yiyəsi doqqaz başında həmişəkindən bir az ötkəm, bir az gümrah görünərdi. Zarafat deyil, kişinin qonağı var idi.

– Qonşu, kim idi qonağın?

– Allah qonağı.

– Hardan gəlib, hara gedirdi?

– Soruşmadım...

Toplumuzun üz qabığındakı şəklə bir də baxın. Nə bayramdır, nə nişan nə toy. Adicə qonaqlıq məclisidir. Bu boya, fiqur, duyum əlvanlığına yaxşı-yaxşı baxın ki, rəssamı və bir-birimizi başa düşək.Realizmi fotoçuluqdan ayıra bilməyənlər, Təbriz miniatür məktəbinin ölməz ənənələrindən xəbərsiz olanlar ağız büzə bilər. Bəlkə: “Bu rəssamı kəndə göndərmək lazımdır, gedib həyatı öyrənsin”,  deyənlər də oldu. Beləsindən soruşsan ki:  – Niyə, balam, nəyi xoşuna gəlmir? – üyüdüb tökəcək:

– Aləmi qatıb-qarışdırıb bir-birinə. Bu nə vurhəşirdi? Qanı da “buyur-buyur” qurtarmış, zurna-balaban fəqan eləyir, çay dəstgahı yığışdırılmamış plov gəlir, qoyun soyulmamış kabab çəkilir. Harda görünüb ki, bunun hamısı bir vaxtda olsun?

– Behzad, Ağamirək, Soltan Məhəmməd fırçası yazı qışla görüşdürərdi, qarı yağışla. Avropa rəssamları – Faustun sələfləri və xələfləri min illər boyu hansısa bir anı dayandırmaq istəyirlər. Bizim baba rəssamlar zamana, məkana məhəl qoymadan, bir-birindən uzaq düşmüş ayları, illəri kətana köçürüblər. Bir lövhədə meyvəni çiçəklə, beşiyi qəbirlə görüşdürüblər. Vaxtı dayandırıblar. Həmişəlik.

SON SÖZ

Anan fransız qızı da olsa, göbəyin Təbrizdə basdırılıbmış.

Vilnüsdə Nikenas kimi sənətkardan dərs aldın, kimliyini unutmadın.

Bütün dünya sənətini axtardın, araşdırdın, özünü tapdın.

Sən dünənimizdən gələn bir yolun yolçususan. Səfərin uğurlu olsun!

Sən bizim bugünkü sənətdə daşını Təbrizdən gətirdiyin təzə bir binanın bünövrəsini qoyursan.

İşin avand olsun!

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 22 iyun.- S.23.